Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi ilə Azərbaycan Üzgüçülük Federasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumun əsas məqsədi əqli imkanları məhdud şəxslərin üzgüçülük idmanı vasitəsilə reabilitasiyası və fiziki-psixoloji inkişafının dəstəklənməsi, idmançılar üçün əlçatan və sağlam mühitin yaradılması, birgə yarışların təşkili və inklüziv idmanın təşviqidir.
Sənədə əsasən, tərəflər ölkədə Xüsusi Olimpiyaçılar üçün üzgüçülük idman növünün inkişafı, əqli imkanları məhdud şəxslərin bu sahəyə cəlb olunması, birgə layihə və proqramların həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər. Əməkdaşlıq çərçivəsində maarifləndirici tədbirlərin, təlim və seminarların təşkili, məşqçi və mütəxəssislər üçün peşəkar inkişaf imkanlarının yaradılması da nəzərdə tutulur.
Memorandum Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin prezidenti Mövlud Mirəliyev və Azərbaycan Üzgüçülük Federasiyasının Baş katibi Oqtay Atayev tərəfindən imzalanıb.
Bu əməkdaşlıq ölkədə inklüziv idman mühitinin genişləndirilməsi və Xüsusi Olimpiyaçılar üçün yeni inkişaf imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.